MOSKVA 30 İLDƏN SONRA YENİDƏN ƏFQANISTANA QAYIDIR

Rusiya digər böyük beynəlxalq məsələlərdə olduğu kimi Əfqanıstanda da mərkəzi mövqeyini geri qaytarmağa çalışır. Bu barədə “Le Figaro” qəzetinin jurnalisti Emmanuel Qrinşpan (Emmanuel Grynszpan) yazır.

(...) Moskva xoş niyyət adı altında bir çox böyük beynəlxalq məsələdə yenidən mərkəzi mövqe tutmağa çalışır. Əfqanıstana gəldikdə, belə bir mövqe tarixi səbəblərdən dolayı elə də asan deyil. Moskva bu yaxınlarda Əfqanıstandakı, yəni “Vyetnamındakı” qoşunlarını ölkədən çıxarmasının 30 illiyini böyük ruh yüksəkliyi ilə qeyd edib. Müttəfiq seçimi də narahatlıq doğurur. Moskva Əfqanıstanın taleyinə təsir göstərmək üçün terror təşkilatı “Taliban” ilə yaxınlaşıb.

Mərkəzi Asiya üzrə müstəqil ekspert Arkadi Dubnov qeyd edir ki, Moskva Əfqanıstan münaqişəsinin həllində artıq aktiv vasitəçilik qabiliyyətini və taliblərə təsir göstərmək imkanının olduğunu nümayiş etdirib: “Bu, köhnə taktikadır. Həmin taktikaya əsasən, düşmənimiz dosta çevrilməlidir”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki dəfə taliblərin elçilərini Moskvada rəsmi olaraq qəbul edib. Danışıqlar media tərəfindən geniş işıqlandırılıb. Həmin vaxt nazir bütün xarici qoşunların (yəni Amerika hərbçilərinin) Əfqanıstandan çıxmağa çağırıb.

Federal Təhlükəsizlik Xidmətinin rəhbərlərindən biri Sergey Beseda “Sputnik” dövlət agentliyinə açıqlamasında Amerikanın xüsusi xidmət orqanlarını İŞİD döyüşçülərini Əfqanıstanın şimal bölgələrinə göndərməkdə ittiham edib. Moskva ABŞ-ın düşmənlərinə və Kabul hökuməti ilə münasibətdə barışıq tonundan istifadə etməyə çalışır.

(...) Bu zaman Rusiya taliblərə müəyyən legitimlik təqdim edir, onları terror təşkilatı siyahısından çıxara biləcəyinə dair ehtiyatlı eyhamlar edir. Bir şərtlə ki, taliblər hərbi əməliyyatların Mərkəzi Asiyanın keçmiş sovet respublikalarının təhlükəsizliyinə risk törətməyəcəyinə təminat verməlidir.

(...) Arkadi Dubnov hesab edir ki, Rusiyanın “Əfqanıstanın şimal vilayətlərində, Mərkəzi Asiyanın postsovet respublikalarından olan etnik azlıqların yaşadığı yerlərdə sabitliyi, təhlükəsizliyi təmin etmək üçün təsir göstərmək haqqı var. Əfqanıstanın şimal bölgələrində cərəyan edən hadisələr Rusiyanın müttəfiqi olan qonşu ölkələrə təsir edir”. Bu gün Moskvanın əsas təsiri Tacikistana Əfqanıstanla ümumi sərhədlərini möhkəmlətməyə kömək etməkdir.

Rusiyalı ekspert taliblərin Kabulda hakimiyyətə gəlməsinin Moskva üçün birbaşa təhlükə kəsb etmədiyini deyir. Lakin o, taliblərin “yeni vətəndaş müharibəsinə zəmin yaratmaq” üçün müəyyən etnik və konfessional azlıqları (özbəklər, taciklər, türkmənlər, şiə xəzərləri) təhdid edə biləcəyini istisna etmir. Bu cür perspektiv Rusiyanın maraqlarına cavab vermir, ancaq Moskva bundan Mərkəzi Asiyadakı hərbi-siyasi təsirini gücləndirmək üçün istifadə edə bilər.

(...) Əfqanıstanın gələcəyi problemi Rusiyada ictimai müzakirə mövzusu deyil. Bu ölkə hələ də pis sağalan yaranın sinonimi olaraq qalır. Millətçilər və mühafizəkarlar həmin yaranı öz bildikləri kimi sağaltmaq niyyətindədirlər. Rusiya parlamentinin aşağı palatasının deputatları 20 il əvvəl elə həmin parlament tərəfindən qəbul edilən qətnaməni ləğv etməyə çalışırlar. Həmin sənəddə Sovet İttifaqının Əfqanıstana qoşun yeritmək qərarı “cinayət” kimi qiymətləndirilir.

 

Mənbə: LE FIGARO

FİKRİNİ BİLDİR