LİVİYA HÖKUMƏTİ TÜRKİYƏNİN YARDIMINI LƏĞV EDİB

Liviya Xarici İşlər Nazirliyinin nümayəndəsi Tripolidə hökumətin Türkiyənin hərbi müdaxiləsinə qarşı olduğunu söyləyib. Liviya Milli Ordusu paytaxtın mərkəzi istiqamətində daha 10 kilometr irəliləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya qoşun göndərə biləcəklərini deyib. Bu açıqlamadan sonra Tripolidəki Milli Razılıq Hökuməti Ankaranın hərbi müdaxiləsinə qarşı çıxıb. “Mərkəzi hökumət Liviya torpağında xarici əsgərləri qəbul etmir”, - Liviya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd əl-Kablavi ötən gün “Die Welt” qəzetinə müsahibəsində bildirib. O, Almaniyanı beynəlxalq vasitəçi olaraq görmək istədiyini deyib. Daha əvvəl məlumat verilmişdi ki, Milli Razılıq Hökuməti artıq rəsmi olaraq Türkiyədən kömək istəyib.

Cümə axşamı Ərdoğan bildirib ki, yanvarda Türkiyə parlamentindən Fayez Saracın başçılıq etdiyi Milli Razılıq Hökumətini dəstəkləmək üçün Liviyaya qoşun göndərmək məsələsini səsverməyə çıxarmağı xahiş edəcək. Türkiyə general Xəlifə Həftərin qoşunlarına qarşı fəaliyyət göstərir. Son günlər Həftərin başçılığı altında Liviya Milli Ordusu Tripolinin mərkəzinə doğru daha 10 kilometr irəliləyib. Həftərin qoşunları Tripolinin cənubunda artıq bir sıra mühüm mövqeni ələ keçiriblər. Bura beynəlxalq hava limanı və hərbi baza da daxildir.

2011-ci ildə Müəmmər Qəddafi rejimi devrildikdən və ölkə başçısı öldürüldükdən sonra müxtəlif qruplaşmalar və fraksiyalar arasında hakimiyyət uğrunda mübarizə başlayıb. Mübarizə sonradan bugünədək davam edən vətəndaş müharibəsinə çevrilib. Ölkədə faktiki olaraq ikihakimiyyətlilik hökm sürür. Liviyada qırğına son vermək üçün BMT-nin dəstəyi ilə Tripolidə Fayez Saracın rəhbərliyi altında Milli Razılıq Hökuməti yaradılıb.

Ölkənin şərqində, Tobrukedə isə milli parlament – özünü əsl hakimiyyət hesab edən və Saracın yürütdüyü siyasətlə razılaşmayan Nümayəndələr Palatası əyləşir.

Tobruke parlamenti general Həftəri Liviya Milli Ordusuna komandan təyin edib. Üsyançı orduya başçılıq edən Həftər ölkənin cənub və şərqində ərazilərin bir hissəsini, o cümlədən bəzi böyük neft yataqlarını ələ keçirib. Cari ilin aprel ayından isə Tripoliya hücuma başlayıb. Generalı Misir, BƏƏ və Rusiya dəstəkləyir.

 

Mənbə: DIE WELT

FİKRİNİ BİLDİR