KREML PUTİNİN ƏSAS LAYİHƏSİNƏ GÖRƏ AB-YƏ ÜMİDLİDİR

Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Kozak “Şimal axını – 2” boru kəmərinin iqtisadi layihə olduğunu iddia edir. Moskva Amerika sanksiyaları fonunda Avropa Birliyindən (AB) dəstək ala biləcəyinə ümid edir.

Moskva ümid edir ki, ABŞ-ın podratçı şirkətlərə qarşı tətbiq etdiyi sanksiyalar ucbatından tikinti işləri dayandırılan, Rusiyadan Almaniyaya uzanan “Şimal axını – 2” qaz kəməri ətrafında yaranan problemi avropalı tərəfdaşlarının dəstəyi ilə yoluna qoyacaq. “Interfaks” agentliyi yazır ki, bu barədə ötən gün baş nazirin müavini Dmitri Kozak deyib. “Avropa ölkələri, AB ilə əməkdaşlıq edərək, bu problemi həll edəcəyimizə və kompromis əldə edəcəyimizə əminik”, - deyə o, bildirib.

Kozakın sözlərinə görə, “AB-nin əsas ölkələri lazımi səviyyədə enerji təhlükəsizliyində maraqlıdır” və “hamı bunun iqtisadi layihə olduğunu başa düşür”. Baş nazirin müavini iddia edir ki, bu boru kəməri ilə tədarük edilən xammalın qiyməti ABŞ-ın maye təbii qazından (MTQ) 30% ucuz olacaq.

Vaşinqton, öz növbəsində, enerji tədarükü məsələsində AB-nin Rusiyadan asılılığının artacağını deyir. ABŞ-ın Energetika Nazirliyi sentyabr ayında Rusiyada qaz hasilatının 2050-ci ilə qədər 40% artaraq 34 trilyon kub metrə çatacağına dair proqnoz açıqlayıb. Bu zaman xammalın böyük hissəsi Avropa və Asiyaya ixrac ediləcək.

Dekabr ayında ABŞ “Şimal axını – 2” və “Türk axını” boru kəmərlərinin inşasında iştirak edən podratçılara qarşı sanksiyalar tətbiq edib. Nəticədə, boruların çəkilişi ilə məşğul olan İsveçrənin “Allseas” şirkəti fəaliyyətini dayanıb, gəmilərini tikinti zonasından çıxarıb. Boru kəmərinin başa çatmasına 160 km qalıb.

“Kommersant” qəzetinin məlumatına görə, “Qazprom” layihəni təkbaşına tamamlaya bilər. Şirkətin “Akadamik Çerski” gəmisi var. Lakin gəmi hazırda Naxodkadadır və onun Baltik dənizinə gəlməsi ən az bir ay vaxt aparacaq.

 

Mənbə: DW

FİKRİNİ BİLDİR