KREML MÜXALİFƏT ÜÇÜN YENİ CƏZA ÜSULU SEÇİB: ARKTİKADA HƏRBİ XİDMƏT

Rusiya prezidenti Vladimir Putinin ən məşhur siyasi rəqibi Aleksey Navalnının əsas tərəfdaşı saxlanılıb. Ardınca o, dərhal hərbi xidmətə çağırılaraq, Arktikada yerləşən HHM bazasına göndərilib. Bu barədə “The New York Times” məlumat verir.

Disident Aleksey Navalnı və tərəfdaşlarını susdurmaq üçün bir sıra üsula əl atan Rusiya hökuməti bu həftə yeni bir metodu sınaqdan çıxarıb: onlar Navalnının əsas tərəfdaşlarından birini saxlayıblar, onu məcburi hərbi xidmətə çağırıblar və Arktikaya göndəriblər. Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondunun (KMF) layihələr üzrə meneceri, 23 yaşlı Ruslan Şavəddinov bazar ertəsi Moskvadakı mənzilində saxlanılıb. Navalnının sözlərinə görə, Şavəddinovun mobil telefonunun SIM kartı bloklandığı üçün həmkarlarına, vəkilinə baş verənlər barədə məlumat verə bilməyib. (...) Ertəsi gün yoldaşları xəbər tutublar ki, o, artıq Moskvadan 3,5 mil uzaqdadır və Şimal Buzlu okeanının adalar qrupunda, HHM bazasına hərbi xidmətə göndərilib.

Açıq siyasi müxalif fikirliliyin nadir halda rast gəlindiyi və çox vaxt təhlükəli hesab edildiyi ölkədə Kremlin ən qatı tənqidçisi Navalnı baş verənlərdə Kreml iyerarxiyasının başında duran şəxsi – prezident Vladimir Putini ittiham edib: “Deyəsən, bizim Ruslanın təcrid olunması ilə bağlı planı Putin şəxsən tərtib edib”, - deyə müxalifətçi “Twitter” hesabında yazıb.

Yeni Torpaq Şimal Buzlu okeanında yerləşən, “sərt iqlimə malik” arxipelaqdır. Regionun təxminən 25%-i daimi buzlaqlarla örtülü olur. Sovet dövründə bura  əsasən nüvə silahlarının sınaq poliqonu olub. 1961-ci ildə arxipelaqda ən güclü nüvə silahı “Çar” bombası sınaqdan keçirilib.

Rusiyada hərbi xidmət 18-28 yaşlı kişilər üçün 1 il müddətinə məcburi hesab edilir. Əsgərliyə çağırılan gənclər çox vaxt evlərindən uzaq bölgələrə düşürlər. Burada yaşlı əsgərlərin sərt və alçaldıcı münasibətinə məruz qalırlar. (...) Ordunun nüfuzundan qorxuya düşən gənclərin çoxu hər yolla hərbi xidmətdən yayınmağa çalışırlar. Şavəddinov hərbi komissiyanın qərarını apelyasiya məhkəməsinə şikayət edib. O, həkimlər tərəfindən düzgün müayinə olunmadığını iddia edib. Moskva Rayon Məhkəməsi noyabrda ona qarşı qərar çıxardıqdan sonra müxalifətçi şəhər apelyasiya məhkəməsinə müraciət edib.  Bazar ertəsi - Şavəddinovun saxlanıldığı gün Moskva Şəhər Məhkəməsi aşağı instansiyanın qərarını qüvvədə saxlayıb.

Yoldaşı həbs edildikdən sonra Navalnı bu sözləri yazıb: “Orduda xidmət həbs mexanizminə çevrilib. Azadlıqdan məhrum etmənin başqa bir şəkli”.

 

 

FİKRİNİ BİLDİR