İNSANLAR YALNIZ 38 İL MÜDDƏTİNƏ GENETİK PROQRAMLAŞDIRILIB

İnsanların maksimal təbii ömrü cəmi 38 ildir. “Daily Mail” yazır ki, bunu DNT əsasında növün ömrünü dəyişdirmək yolunu tapan alimlər iddia edir.

Avstraliya Milli Elmi Agentliyi, Dövlət Elm və Tətbiqi Araşdırmalar Birliyindən alimlər genetik kompyuter modeli işləyib hazırlayıblar. Tədqiqatçıların iddialarına əsasən, model müxtəlif onurğalıların – həm ölü, həm dirilərin – nə qədər uzun müddət yaşaya biləcəyini dəqiq müəyyənləşdirməyə kömək edir.

Alimlər insan genomuna əsaslanaraq insanların maksimal təbii ömrünün cəmi 38 il olduğunu müəyyənləşdiriblər. Bu da erkən müasir insanlarda antropoloji hesablamara uyğun gəlir. Məlum olub ki, neandertal və denisov insanının maksimal ömrü 37,8 il təşkil edir ki, bu da təxminən həmin dövrdə yaşayan müasir insanın göstəricisinə bərabərdir. Tədqiqatçılar hesab edir ki, müasir insanın yaşam müddətinin iki dəfə artması həyat keyfiyyətinin artması və müasir tibbin inkişafı ilə əlaqəlidir.

(...) Tədqiqatçılar insanların və onların əcdadlarının genetik saatlarını həm canlı, həm ölü onurğalıların genomu ilə müqayisə ediblər. Müəyyənləşdiriblər ki, Qrelandiya kiti Yer kürəsində ən çox yaşayan məməlidir. O, 268 il yaşaya bilər. Bu da əvvəl hesab ediləndən 60 il çoxdur. Belə çıxır ki, həyatda olan arktik məməlilərin bəziləri ola bilsin, kraliça Viktoriya taxta çıxmadan öncə və kapitan Kukun ilk dəfə Avstraliyaya səfər etdiyi dövrdə anadan olublar. Bu, 2007-ci ildə eskimoslar tərəfindən tapılmış Qrelandiya kitinin bədənində aşkar edilən köhnə harpunun bir hissəsinin ehtimallara əsasən XIX əsrdə hazırlandığını izah edə bilər.

(...) Alimlər genləri “söndürüb-yandıran” “metilizasiya” adlı kimyəvi prosesi öyrənməklə canlıların həyatda olduqları illəri müəyyənləşdiriblər. Canlılar qocaldıqca mexanizm dağılır, müəyyən genlərdə səhvlər meydana çıxır. Bundan da canlının hansı yaşda öldüyünü təyin etmək üçün istifadə etmək olar. Doktor Bencamin Meyn (Benjamin Mayne) və onun həmkarları ömür müddəti məlum olan 252 növ onurğalının genlərindən istifadə edərək başqa növlərin yaşını proqnozlaşdırmaq üçün 42 geni identifikasiya edib. Afrika filinin genindən və onun orta 65 illik ömründən etalon kimi istifadə edən alimlər xəzli mamontun və düz dişli filin ömrünün 60 il olduğunu ehtimal etmək üçün öz modellərindən yararlanıblar.

Həmin modelə əsasən, nəsli tükənmiş nəhəng Pint adası tısbağasının ömrü 120 il təşkil edib. Bu canlının genomu bizə növün 7 il əvvəl Qalapaqos adalarında ölən, “Tənha Corc” kimi tanınan nümayəndəsi sayəsində məlumdur.

Tədqiqatçıların sözlərinə görə, canlıların yaşını müəyyənləşdirmək vəhşi təbiəti qorumaq, biomüxtəlifliyi müdafiə etmək və onu idarə etmək üçün çox vacibdir. Bu üsul əvvəlki metodlardan daha dəqiq hesab edilir.

“Yaşla əlaqəli çoxlu gen mövcuddur. Ancaq bu genlərdə DNT ardıcıllığındakı fərq, görünür, müxtəlif növlərin yaşam müddətindəki fərqlə izah edilmir,  - deyə doktor Meyn bildirib. – Biz hesab edirik ki, onurğalıların maksimal təbii omrü DNT metilizasiyası adlanan DNT dəyişikliyinin sıxlığı ilə müəyyənləşir. DNT metilizasiyası genlərin ardıcıllığını dəyişmir, ancaq qoşulub qoşulmadığını nəzarətdə saxlamağa və qoşulursa, bunun nə zaman baş verdiyini öyrənməyə kömək edir”.

“262 sayda müxtəlif növün yaşı haqqında bizə məlum olan informasiyadan istifadə etməklə 42 müxtəlif gendə DNT metilizasiyasının sıxlığı üzrə təbii ömrü dəqiq proqnozlaşdıra bildik. Çox güman, bu genlər qocalığın öyrənilməsində kömək olacaq. Bu da biotibbi və ekoloji cəhətdən böyük əhəmiyyət daşıyır”, - deyə alim qeyd edib.

 

Mənbə: DAILY MAIL

FİKRİNİ BİLDİR