ERMƏNİLƏR AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏKİ MƏSCİDİ BƏRPA EDƏ BİLƏRMİ

Qondarma Dağlıq Qarabağ Respublikasının de-fakto hakimiyyəti XIX əsrə aid məscidi bərpa edib. Məscid tamamilə xristianlar tərəfindən məskunlaşmış, turistik  yerə çevrilən ilk müsəlman abidəsi olacaq. Bu barədə amerikalı analitik Coşua Kuçera (Joshua Kucera) “Eurasianet.org” portalında yazır.

Lakin bərpa işləri nə ermənilərdə, nə də əvvəllər həmyerliləri burada ibadət edən azərbaycanlılarda müsbət qarşılanmayıb.

Müəllif xatırladır ki, Gövhər Ağa məscidi 1880-cı illərdə Dağlıq Qarabağın o vaxtkı ən böyük şəhəri Şuşada tikilib. Rayon XX əsrin əvvəlində sovet hakimiyyətinin nəzarətinə keçdikdən sonra məscid muzey kimi fəaliyyət göstərməyə başlayıb. 1990-cı illərdə ermənilərlə azərbaycanlılar arasında Qarabağ uğrunda gedən müharibədə məscid xəsarət alıb, müsəlmanlar şəhəri tərk etdikdən sonra tamamilə baxımsız hala düşüb.

Beş il ərzində bu kiçik məscid tam bərpa olunub və oktyabrda onun rəsmi açılış mərasimi baş tutub.

Bərpa işlərini maliyyələşdirən “Ermənistanın İnkişafının Təşəbbüs”ü fondunun (IDeA Foundation) rəhbəri Suren Amirbekyan sayta açıqlamasında bildirib ki, məscid “Şuşanın multikultural irsinin ayrılmaz bir hissəsidir” və onun bərpa edilməsi “tarixi memarlıq irsinin saxlanması və möhkəmləndirilməsinə yönəlib”.

Ancaq Qarabağda məscidin bərpası həssas mövzudur.

600 mindən çox azərbaycanlı müsəlmanın Qarabağ və ətraf ərazilərdən qaçqın düşməsinə səbəb olan müharibədən sonra bu ərazi hazırda xristian ermənilər tərəfindən məskunlaşıb. Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın bir hissəsi kimi tanınır və rəsmi Bakı istər sülh danışıqları, istərsə də güc tətbiqi yolu ilə əraziyə nəzarət edəcəyini qətiyyətlə bəyan edir. Qarabağın indiki sakinləri Azərbaycanda əsl ekzistensial təhlükə görürlər.

“Eurasianet.org” portalının müxbiri Şuşanı ziyarət edib, yerli sakinlərlə danışıb. Məlum olub ki, fikirlər ən yaxşı halda bir-birindən fərqlənir. Əslində isə müsəlmanların tarixi yerlərinə qarşı ziddiyyətli bir münasibət var.

Analitik qeyd edir ki, məscid tikiləndə Şuşanın əhalisi qarışıq olub: burada həm ermənilər, həm azərbaycanlılar yaşayırmış. Amma XX əsrin əvvəlində burada, ümumiyyətlə Qafqazda iki icma arasında münaqişə qızışmağa başlayıb.

Bu gün pis vəziyyətdə olan bir neçə abidədən başqa Şuşanın Azərbaycan xarakteri də məhv olub. Həmin abidələri adətən şəhərin əsl təbiətinin ikinci dərəcəli elementi kimi təqdim edirlər.

Turistlər üçün nəzərdə tutulan broşürdə deyilir: “Bu gün Şuşada müsəlman yaşamır. Lakin Şuşanın erməni memarlıq üslubu ilə harmoniya təşkil edən ənənəvi müsəlman memarlığına aid gözəl nümunələr var”.

Bərpa layihəsində tikilinin “fars məscidi” kimi qeyd edilməsi bu abidəni öz irsinin bir hissəsi hesab edən azərbaycanlıların qəzəbinə səbəb olub.

Onların sözlərinə görə, məscidin rebrendinqi Şuşanın tarixindən onların izlərini silmək cəhdidir.

“Erməni işğalçıları xalqımızın memarlıq incisini dəyişdirərək, onu “fars” məscidi kimi təqdim edirlər, - Dağlıq Qarabağın azərbaycanlı icması yerli KİV-ə bildirib. – Ermənistan tarixi saxtalaşdırır və onu yenidən yazmağa cəhd göstərir”.

Qondarma respublikanın mədəniyyət nazirliyinin turizm və tarixi irsin müdafiəsi şöbəsinin rəhbəri Artak Qriqoryan deyib ki, bərpa işləri ilə məşğul olan iranlı memarlar abidəni “fars məscidi” kimi təyin etmək qərarına gəliblər. Sayt həmin memarlarla əlaqə saxlaya bilməyib.

 

Mənbə: EURASIANET

FİKRİNİ BİLDİR