AVROKOMİSSİYANIN RƏHBƏRİ RUSİYANI AVROPANIN STRATEJİ PROBLEMİ ADLANDIRIB

Avropa Birliyi (AB) Komissiyasının rəhbəri Donald Tusk Fransa prezidenti Emmanuel Makron ilə razı deyil. Belə ki, sonuncu bu yaxınlarda verdiyi müsahibədə Moskva ilə strateji dialoqun bərpa edilməsinin zəruri olduğunu bildirib. “RBC” agentliyi xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

“Fransa prezidenti bu yaxınlarda bildirib ki, bu məsələdə Macarıstanın baş naziri Viktor Orbanla razıdır və polyakların Rusiya ilə bağlı münasibətini dəyişdirə biləcəyinə ümid edir. Emmanuel, təkcə məni inandırmaq lazım deyil”, - deyə Tusk vurğulayıb.

Avrokomoissiyanın rəhbəri xatırladıb ki, “Rusiya Birliyin strateji tərəfdaşı deyil, strateji problemidir”.

Daha əvvəl Polşanın baş naziri Mateuş Moravetski (Mateusz Jakub Morawiecki) də Makronun bəyanatını şərh edib. Onun sözlərinə görə, Fransa prezidenti o səbəbdən bu cür bəyanatlar verir ki, “boynunun arxasında rus ayısının isti nəfəsini hiss etmir”.

Xatırladaq ki, Makron noyabrın 7-i Britaniyanın “The Economist” jurnalına müsahibəsində NATO-nun “beyin ölümü” keçirdiyini, habelə Avropa ölkələrinin ABŞ-a və başqa müttəfiqlərə ümid etməməli və müdafiə potensialını gücləndirməli olduğunu vurğulayıb. O, Avropa ölkələrini Moskva ilə dialoq qurmağa çağırıb. Alyansın baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) və Almaniya kansleri Angela Merkel (Angela Merkel) Fransa lideri ilə razı olmadıqlarını bildiriblər.

 

FİKRİNİ BİLDİR