ERMƏNİSTANIN İQTİSADİ ARTIM AMİLLƏRİ NƏYƏ SÖYKƏNİR?

“Ermənistan iqtisadiyyatı keçmiş SSRİ-də ən sürətlə inkişaf edən ölkələrdən biridir. 2017-ci və 2018-ci ildə orta iqtisadi artım 6,4% təşkil edib. Rəsmi olaraq Ermənistanı təkcə iki postsovet ölkəsi – Tacikistan və Türkmənistan qabaqlayır. Onların da statistik məlumatları şübhə doğurur. Ermənistan  2014-2016-cı illərdə Rusiyaya və ümumilikdə regionda müşahidə edilən iqtisadi tənəzzüldən əziyyət çəksə də, 3 milyon əhaliyə malik bu Cənub Qafqaz respublikası sonradan diqqətəlayiq bərpa dinamikası nümayiş etdirib”, - “Eurasianet.org” saytının müxbirlərindən biri Sem Butiya (Sam Bhutia) yazır.

“Bu, qismən onunla izah edilir ki, son on ildə ölkə iqtisadiyyatı divefikasiya edib. Son illər mədən sənayesi iqtisadi artımın hərəkətverici qüvvəsinə çevrilib: mis istehsalı ölkədə metal hasilatı sənayesinin təxminən 60%-nin təmin edir. “Hasilat sahələrində şəffaflıq təşəbbüsü” monitorinq təşkilatının məlumatına əsasən, 2015-ci ildə Ermənistanda mədən sənayesi 50% artaraq, ümumi sənaye istehsalının 17%-ni təşkil edib. Filiz-mədən şirkətlərinin dövlət büdcəsinə töhfəsi də ümumi dövlət gəlirlərinin 7,1%-nə çatıb”, - məqalədə deyilir.

Jurnalist qeyd edir ki, xidmət sahəsi iqtisadiyyatın əsas sütunlarından biri olmaqda davam edir: “Son illər bu sektor rəqabət qabiliyyət IT-sənayenin meydana çıxması sayəsində inkişaf edib (2010-2015-ci illər ərzində 34% artıb). Turizm də əsas sahələrdən birinə çevrilir”.

“Yeri gəlmişkən, problemlər də olduğu kimi qalır. Ermənistan iki istiqamətdə rus iqtisadiyyatından asılı durumdadır: birincisi, ticarət tərəfdaşı kimi Rusiyadan asılıdır (2018-ci ildə Ermənistandan ixrac edilən məhsulların 28%-i və ölkəyə idxal həcminin 25%-i Rusiyanın payına düşüb); ikincisi, Rusiya əmək miqrasiyasının əsas istiqamətidir. Bu da Ermənistanı Rusiya iqtisadiyyatında baş verən istənilən hadisə qarşısında həssas edir. Ermənistan neft ixracatçısı deyil, bununla belə, 2014-2016-cı illərdə neft qiymətlərində ucuzlaşma nəticəsində regionda müşahidə edilən iqtisadi tənəzzül ona da təsirsiz ötürşməyib. 2016-cı ildə Ermənistan 0,2%-lik iqtisadi artım tempi ilə resessiyanın bir addımlığından geri qayıdıb”, - məqalə müəllifi xatırladır.

“Növbəti çətinlik inkişaf edən iki qonşu bazarla ticarət münasibətlərinin olmamasıdır. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Bu cür məhdudiyyətlər Ermənistanın kiçik, amma açıq iqtisadiyyatının inkişafına mane olur. 80 milyon istehlakçıya malik türk bazarını itirmək Ermənistan iqtisadiyyatı, xüsusən kənd təsərrüfatı sektoru üçün hiss olunan itkidir. Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin pis olması həmçinin ölkənin bir neçə mühüm infrastruktur layihəsində iştirak etməməsi ilə nəticələnib. Bura neft-qaz kəmərləri, magistral və dəmir yol layihələri daxildir. Ermənistan, bir qayda olaraq, regionun ticarət və tranzit layihələrinə daxil edilmir. Dolayısıyla, ölkə Avropa və Asiyanı birləşdirən infrastruktura artan maraqdan qazanc əldə edə bilmir. Bu, xüsusən Çinin “Bir qütb, bir yol” beynəlxalq təşəbbüsünə aiddir”, - məqalənin sonunda deyilir.

 

Mənbə: EURASIANET

FİKRİNİ BİLDİR