AVROPA ÜÇÜN YENİ SINAQ - “ENERJİ KÖRPÜSÜ”

“Rusiya ilə qaz mübahisəsi başlanğıc idi. İndi Ukraynanın Avropanın elektrik şəbəkəsinə qoşulması ətrafında yeni geosiyasi gərginlik meydana çıxır. Və strateji komponent yeganə risk deyil”, - Almaniyanın “Die Welt”  nəşrinin jurnalisti Daniel Vetsel (Daniel Wetzel) yazır.

2017-ci ildə AB ilə əldə olunan sazişə əsasən, Ukraynanın elektrik şəbəkəsi Avropanın enerji sisteminə inteqrasiya edilməlidir. Lakin plan mübahisələrə səbəb olub. “Bu layihə geosiyasi baxımdan kifayət qədər mübahisəli məsələdir”, - Avropa Komissiyasının Energetika məsələləri üzrə baş  direktoratının rəhbər müavini Klaus-Diter Borxardt (Klaus-Dieter Borchardt) deyir.

“Qərb siyasətçiləri, xüsusən, amerikalılar Ukraynanın elektrik şəbəkəsini Qərblə birləşdirməsi istiqamətində aktiv işlər görməsinə israr edir. Bu, Rusiyadan asılılığı aradan qaldırmaqla yanaşı başqa üstünlüklər də verir: Qərbi Avropa sisteminə qoşulmuş elektrik şəbəkəsinin istismarı daha stabil ola bilər, - məqalədə deyilir. – Üstəlik, elektrik enerjisinin Qərbə ixracı məsələsində Ukraynaya gəlirli imkanlar yarada bilər”.

Lakin Ukraynanın Avropa şəbəkəsinə qoşulması texniki cəhətdən belə mürəkkəb məsələdir. Elektrik şəbəkəsi stabil olaraq qalmalıdır. “Sistem nəzarətdən çıxsa, flüktasiya yarana bilər, bunlar da birləşdirici naqillər vasitəsilə Qərbi Avropa şəbəkəsinə keçə bilər. Nəzəri olaraq elektrik təchizatında müvəqqəti fasilələr də yarana bilər”, - “ENTSO-E” operatorunun ekspertlərindən biri deyir. Bunun qarşısını almaq üçün Macarıstan, Slovakiya və Polşa istiqamətində elektrik naqillərini möhkəmlətmək, Ukrayanda elektrik stansiyalarını və şəbəkəsini əlavə stabilizatorla təchiz etmək lazımdır.

Bir neçə il ərzində Ukraynanın “ENTSO-E” şəbəkəsi ilə sinxronlaşdırılması üçün mühit yaratmaq olar. Ancaq bundan öncə siyasi səviyyədə həssas mübahisə yarana bilər.

“Belə ki, Ukrayna şəbəkəsi əvvəlcə “dinamik stabilliyini” sübut etməlidir və mümkün olduğu qədər bir dəfə yayda, bir dəfə də qışda bir həftəlik avtonom rejimdə çalışmalı, yəni həm Rusiya, həm Avropadan təcrid olunmalıdır. Test mərhələsindən sonra Ukrayna yenidən rus şəbəkəsinə geri qayıtmalı olduğu üçün hər şey Moskvanın əməkdaşlığa hazır olub olmamasından asılıdır”, - məqalə müəllifi qeyd edir.

“Burştın enerji adası ətrafında yaranmış mübahisə Qərbdə Ukraynanın enerji inteqrasiyası ideyasının əleyhdarları da olduğunu sübut edir. Söhbət Lvov şəhəri yaxınlığında İvano-Frankovsk vilayətindəki regiondan gedir. Burada yerləşən böyük elektrik stansiya hələ 2002-ci ildə Qərbi Avropa tezliyinə - 50 hersə keçirilib. Avropa şəbəkəsinin bu əməliyyat meydanını ən qısa zamanda genişləndirməyi və gələcəkdə Xmelnitsk AES blokuna qoşmağı planlaşdırırlar”, - nəşr xatırladır.

Burştın enerji adasının genişləndirilməsi texniki cəhətdən həssas məsələdir, çünki Qərbi Avropa və Rusiyanın enerji sistemləri arasındakı sərhəd məhz Xmelnitsk AES ərazisindən keçəcək.

Layihəyə siyasi maneələr var. “Ölkədə elektrik sahəsində qurulan oliqarx monopoliya Mərkəzi Avropa ölkələri ilə rəqabətdən ehtiyatlanır. Elektrik təchizatına Avropa normalarının idxalı, həmçinin karbon tullantıları sertifikatları sistemində iştirak perspektivi kimya və kömür sənayesində fəaliyyət göstərən oliqarxların ürəyincə deyil. (...) Varşavada da bu cür planlara şübhə ilə baxırlar. Ukraynanın inteqrasiyası Polşada kömür idxalını və karbon qazı tullantılarını azalda, elektrik təchizatının etibarlılığını yüksəldə bilər. Buna baxmayaraq, Ukraynadan ölkəyə ucuz elektrik enerjisi daxil ola və Polşanın kömür elektrik stansiyalarının rentabelliyini azalda bilər. Varşavadakıları narahat edən birinci məsələ hələlik budur. Deyəsən, enerji diplomatiyasının avropalı nümayəndələri Kiyevə “körpü” tikintisində əziyyət çəkməli olacaqlar”, - məqalənin sonunda deyilir.

Mənbə: DIE WELT

FİKRİNİ BİLDİR