TRAMPIN SON QƏRARINDAN RUSİYA NƏ QAZANACAQ?

Vaşinqtonun İranın nüvə sazişindən çıxmasına görə Avropa və ABŞ münasibətlərində yaranan ixtilafdan və ardınca neft qiymətinin artmasından Rusiya faydalana bilər. Lakin ekspertlər müsbət iqtisadi effektin uzunmüddətli olmayacağını deyir. “RBC” portalı bu barədə yazır.

Avropa sazişi xilas etməyə çalışacaq

Almaniyanın XİN başçısı Hayko Maas (Heiko Maas) mayın 10-u Moskva səfəri zamanı məlumat verib ki, gələn həftə İranın nüvə sazişinin avropalı iştirakçıları (AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini (Federica Mogerini), Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri Jan-İv le Drian (Jean-Yves Le Drian) və Boris Conson (Boris Johnson)  ABŞ-ın sazişdən çıxması ilə əlaqədar yaranmış vəziyyətlə bağlı konsultasiya keçirəcəklər.

ABŞ prezidenti Donald Tramp (Donald Trump) mayın 8-i Vaşinqtonun sazişdən çıxdığını elan etdikdən sonra avropalı siyasətçilər, Rusiya və Çin nümayəndələri İranı sənəddən çıxmamağa çağırır və sazişi saxlamağın yollarını axtarırlar. Ancaq İran tərəfi bunun uğurlu olacağına inanmır. “ABŞ çıxdıqdan sonra Avropa ölkələri nüvə sazişini xilas edə bilməyəcək”, - İran İnqilab keşikçiləri Korpusunun başçısının müavini, briqada generalı Hüseyn Salami cümə axşamı belə bir bəyanatla çıxış edib. Hərbçinin fikrincə, Avropa ABŞ-dan siyasi asılılığını aradan qaldıra bilmir və sazişlə bağlı müstəqil hərəkət edə bilməyəcək.

Sazişdən çıxdığını elan edən Donald Tramp İranın üzərindən götürülən sanksiyaları “ən yüksək səviyyədə” bərpa edəcəyinə söz verib. ABŞ Maliyyə nazirliyinin məlumatına əsasən, Amerikanın İrana qarşı sanksiyaları 90-180 gün ərzində bərpa ediləcək.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci il Tehran və “altılıq” (Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa və Almaniya) tərəfindən imzalanıb. İran ölkə iqtisadiyyatına ciddi zərbə endirən beynəlxalq sanksiyaların ləğvi müqabilində nüvə istehsalını məhdudlaşdırmaq öhdəliyi götürüb.

Fransa hökumətinin rəsmisi Bencamin Qrivo (Benjamin Griveaux) “Reuters” agentliyinə bildirib ki, AB ölkələri artıq Avropa şirkətlərinə ziyan vura biləcək, ABŞ-ın İrana qarşı istənilən birtərəfli sanksiyasına Ümümdünya Ticarət Təşkilatında etiraz edəcək.

Rusiya Beynəlxalq Məsələlər Şurasının direktoru Andrey Kortunov “RBC”-a verdiyi açıqlamasında qeyd edib ki, Avropa hələlik şirkətlərinin ABŞ sanksiyalarından zərər görməməsinə çalışır. “Əsas məsələ Amerika sanksiyalarının eksterritorial tətbiq imkanıdır. Buna görə İran şirkətləri ilə yanaşı, artıq İranla çalışan Avropa şirkətləri də ABŞ-ın sanksiya təzyiqinə məruz qala bilər”, - ekspert avropalıların narahatlığına aydınlıq gətirib.

ABŞ-ın sazişdən çıxması Rusiyaya sərf edəcəkmi?

Kortunov hesab edir ki, Avropa maraqlarını müdafiə edib, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların Avropa şirkətlərinə toxunmamasına nail olsa, gələcəkdə bu, Moskvadan Avropa sanksiyalarının götürülməsi ilə bağlı danışıqlarda Rusiyaya sərf edə bilər. “İran variantında Avropa öz müstəqilliyini saxlayıb, ABŞ-ın əlində alət olmasa, onda sanksiyaların aqibətinin Amerika siyasəti və qanunvericiliyindən asılı olmadan həll ediləcəyi hal yaranacaq”, - o deyib.

Lakin Kortunov İrana görə AB-nin Vaşinqtonla münaqişəni gərginləşdirəcəyinə şübhə edir. Avropa ölkələri hazırda ABŞ tərəfdən iqtisadi təzyiq altındadır. ABŞ nəinki Trans-Atlantik investisiya və ticarət tərəfdaşlığından imtina edib, həmçinin AB-dən idxal olunan polad və alüminiuma rüsum tətbiq etmək niyyətindədir. Ekspert qeyd edir ki, İranla gələcək fəaliyyət riski Avropa ölkələrinə ciddi zərbə vura bilər. ABŞ-ın təkrar sanksiyalarına məruz qala biləcək şirkətlərə AB hökumətinin təklif etdiyi kompensasiya itkiləri tamamilə ödəmir. “İran və Amerika bazarları arasında seçim etməli olsalar, Avropa şirkətləri ikincini seçəcək”, - Kortınov yekun vurub.

“Narazılığa və sərt bəyanatlara baxmayaraq, AB siyasi baxımdan ABŞ-a qarşı çıxa bilməyəcək və İranla əməkdaşlıq edərək ciddi iqtisadi riskə və milyardlıq itkiyə getməyəcək”, - “Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru Fedor Lukyanov bildirib. Ona görə, Lukyanovun fikrincə, Rusiya İrana görə ABŞ və AB arasında yaranmış fikir ayrılığından heç bir siyasi dividend əldə edə bilməyəcək.

Lukyanov daha bir neqativ effektə diqqət çəkir: Trampın sazişdən çıxması Yaxın Şərqdəki vəziyyəti xeyli pisləşdirə bilər, bu isə onsuz da çox uzanan münaqişədə, Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiyaya sərf etmir. Ekspert hesab edir ki, Trampın sazişdən çıxması İranın regiondakı rəqiblərini, ilk növbədə Səudiyyə Ərəbistanı və İsraili həvəsləndirib. Lukyanov qeyd edib ki, bu ölkələr Trampın addımlarını güclü mənəvi-siyasi dəstək kimi qiymətləndirirlər. Bu da regionda münaqişələrin gərginləşməsinə gətirib çıxara bilər.

Neftin faydası

Trampın qərarından sonra “Brent” və “WTI” markalı neft 2014-cü ilin noyabrından bəri ilk dəfə mayın 9-u rekord həddə çatıb, müvafiq olaraq 77,20 dollar və 71,17 dollara yüksəlib. “S&P” şirkətinin direktoru Aleksandr Qryaznov “RBC”-a bildirib ki, İranla yaranmış vəziyyət neft bazarına qısamüddətli təsir göstərə bilər. Ekspert qeyd edib ki, neftin uzunmüddətli qiymətini fundamental amillər təyin edir və İranla əlaqədar vəziyyətin qüvvələr balansına ciddi təsir göstərəcəyi gözlənilmir. Mayın 7-i “S&P” “Brent” və “WTI” markalı neftin 2018-ci ilə olan proqnozlarını 5 dollar artıraraq, müvafiq olaraq 65 və 60 dollar məbləğində təyin edib. “Brent” markalı neftin 2019-cu ilə olan proqnozu 5 dollar artaraq 60 dollar olub. “WTI” markalı neftdə isə bu göstərici 55 dollar təşkil edib.

“Fitch” reytinq agentliyinin analitikləri Dmitri Marinçenko və Tatyana Kordyukova qeyd edib ki, ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi 2018-2019-cu illərdə bazarda kəsrin saxlanma ehtimalını artıracaq.  Agentlik hələlik neft qiymətləri ilə bağlı proqnozlarına dəyişiklik etməyib. “Brent” markalı neftin qiyməti bir müddət 70 dolları üstələyə bilər. Amma dünyanın əksər istehsalçıları 50-60 dollar diapazonuna adaptasiya olduğu, həmçinin ABŞ-da şist neft hasilatı artdığı üçün bu cür yüksək qiymət uzun müddət saxlanıla bilməz. “Fitch” analitikləri bildirib ki, sanksiyalar 2018-ci ildən sonra “OPEC+”sazişinin uzadılma şansını aşağı salır (yəni İran çox güman sazişdən çıxacaq), sənəd ləğv edildikdən sonra “OPEC” üzvləri hasilatı artıracaq, bazarda kəsir aradan qalxacaq, qiymətlər 50-60 dollar diapazonuna qayıdacaq.

“Hələlik əminliklə demək olar ki, İranla bağlı problem həll olunmasa, neft qiymətləri təsdiqlənmiş fundamental qiymətlərindən (45-60 dollar) yuxarı olacaq, artım qiyməti isə müxtəlif ola bilər. Həmçinin neft bazarına spekulyativ kapital axınının artımı fonunda 80-85 dollar diapazon da istisna edilmir”, -  Moskvanın “EY”neft-qaz mərkəsinin direktoru Denis Borisov söyləyib.

2018-2020-ci illərdə neft-qaz gəlirləri ümumi federal büdcə gəlirlərinin 33-36% təşkil edəcək. Lakin onlar 40,8-42,4 dollar üzrə köhnə proqnozlardan irəli çıxaraq hesablanıb. Hazırda “Urals” markalı neft bazarlarda təxminən 30 dollar bahalanıb. İranın ixracına yenidən tətbiq ediləcək məhdudiyyətlər sayəsində daha yüksək neft qiymətləri Maliyyə nazirliyinin rezerlərinə gedən neft-qaz gəlirlərindən daxilolmaları artıracaq.

Ticarət ziyan görməyəcək

Beynəlxalq Ticarət Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Knobel deyib ki, Amerika sanksiyalarının bərpa edilməsi İran-Rusiya ticarətinə ciddi təsir göstərməyəcək. Ölkələr arasında əmtəə dövriyyəsi elə də böyük deyil. Tehran uzun müddət sanksiyaların təsiri altında olub. İran və tərəfdaşları Amerika sanksiyalarından yan keçməyi öyrəniblər. Knobel qeyd edib ki, AB-nin iştirakı olmadan Amerikanın birtərəfli sanksiyalarının nəticələrini proqnozlaşdırmaq hələ çətindir. Ekspertin fikrincə, dollarla ödənişlərin qadağan edilməsi İranın ticarətinə mənfi təsir göstərməyəcək, belə ki, İran həmçinin avroya keçməklə ödənişlərini diverfikasiya edib.

Federal Gömrük Xidmətinin məlumatına əsasən, Rusiya İranın ən böyük ticarət tərəfdaşlarından ibarət onluğa daxil olsa da, ölkələr arasında əmtəə dövriyyəsi cüzi olaraq qalır, 1,2-2,3 milyard dollar arasında dəyişir. Qarşılıqlı ticarətdə ən yüksək göstərici 2011-ci ilə təsadüf edir. Həmin il bu göstərici 3,7 milyard dollara çatıb. O vaxtdan bəri əmtəə dövriyyəsi aşağı düşməyə davam edib. Rusiya İxrac Mərkəzinin məlumatına əsasən, ötən il İran-Rusiya əmtəə dövriyyəsi 1,7 milyard dollar təşkil edib: rus ixracı 1,31 milyard dollar, İran idxalı isə 392 milyon dollar olub.

AB-nin məlumatına əsasən, İranın ən böyük ticarət tərəfdaşları Çin və BƏƏ-dir, üçüncü yerdə AB ölkələri gəlir. Ötən il Çin və İran arasında əmtəə dövriyyəsi 23,8 milyard dollar təşkil edib. Qeyd edək ki, 2014-cü ildə bu göstərici 52 milyard dollar olub. AB ölkələrinin İranla xarici əmtəə balansı 2015-ci ildə 5,2 milyard avro təşkil edib.

 

 

Mənbə: RBC

FİKRİNİ BİLDİR