ƏRDOĞAN TRAMPI HƏDƏLƏYİB

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xəbərdarlıq edib ki, Ankaranın rus silahlarının əldə edilməsi ilə bağlı qərarına görə Donald Tramp (Donald Trump) silah satışına qadağa tətbiq etsə, “cavab tədbirləri həyata keçiriləcək”. Bütün bunlar NATO-nun iki üzv ölkəsi arasında dərinləşən münaqişə fonunda baş verir. ABŞ-a gəldikdə, bu qarşıdurmada o, daha sərt mövqe tutur. Belçikanın “Express” nəşrinin jurnalisti Con Talassites (John Thalassites) yazır.

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib: “Birləşmiş Ştatlar bizə qarşı sanksiya tətbiq etsə və ya buna oxşar addım atsa, şübhəsiz, Türkiyə də cavab verəcək”.

“Birləşmiş Ştatlar belə təcrübədən imtina etməlidir”.

“Türkiyə sizin əmrlərinizə tabe olmur. Türkiyə müstəqil ölkədir”.

“Belə bir ölkə ilə yuxarıdan aşağı danışmaq, ona nəyi ala biləcəyini, nəyi ala bilməyəcəyinə göstəriş vermək düzgün yanaşma deyil və alyansımıza uyğun gəlmir”.

Türkiyəyə silah satışının dayandırılması ilə bağlı planlar ABŞ Konqresinin Nümayəndələr Palatasında illik Milli Müdafiə Avtorizasiya Aktı (US National Defense Authorisation Act) əsasında nəzərdən keçirilir.

Qanun qəbul edilsə, bu iki ölkə arasındakı münasibətlər haqqında məruzə hazırlananadək müdafiə silahının Türkiyəyə satışı dayandırılacaq.

Bu planlar Türkiyə rəsmilərinin hiddətinə səbəb olub. Belə ki, onlar “Patriot” raket kompleksi, həmçinin “Lockheed Martin” şirkətinin istehsal etdiyi 100 ədəd “F-35” qırıcısını əldə etmək üçün Amerika ilə danışıqlar aparıblar.

Çavuşoğlu əvvəllər Türkiyə ilə Rusiyanın dərinləşən əlaqələrindən dolayı şübhələrini dilə gətirən dövlət katibi Mayk Pompeo (Mike Pompeo) ilə birbaşa danışıqlar aparmaq üçün gələn həftə ABŞ-a səfər edəcək.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert (Heather Nauert) qeyd edib ki, “Türkiyənin hava hücumundan müdafiə komplekslərini əldə etməsinə görə Vaşinqton ciddi narahatlıq keçirir”.

Vaşinqton rəsmiləri hesab edir ki, NATO üzvləri yalnız “NATO üzrə digər tərəfdaşlarla qarşılıqlı fəaliyyətdə istismara yararlı” silah növlərini almalıdır. ABŞ dövlət katibinin müavini Vess Mitçel (Wess Mitchell) ehtimal irəli sürüb ki, Ərdoğan “Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət” aktı (Countering America's Adversaries Through Sanctions Act) əsasında əldə edilmiş silah sazişlərinə görə sanksiyalara məruz qala bilər. Bu aktın köməyi ilə rus silahının ixracını azaltmaq istiqamətində işlər görülür.

Mitçelin sözlərinə görə, “Türkiyəni Qərb ilə strateji və siyasi ittifaqda görmək Amerikanın milli maraqlarına cavab verir”.

Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu bəyanata cavab verib və bu cür sanksiyaları tipik “şantaj cəhdələri” adlandırıb.

Lavrovun sözlərinə görə, bu yolla “Amerika şirkəltərini ədalətsiz rəqabət mühiti” ilə təmin etməyə çalışırlar.

Türkiyə və Rusiya  2020-ci ildə “S-400”sistemlərinin tədarükünün start götürəcəyinə dair saziş imzalayıb. Hərçənd Rusiya rəsmiləri prosesin tezləşdirilə biləcəyini qeyd edib.

 

Mənbə: EXPRESS

FİKRİNİ BİLDİR