QANDİNİN RESEPTİ İLƏ :"SEVGİ İNQİLABI" NECƏ QƏLƏBƏ QAZANDI?

“RBC” Serj Sarkisyanın baş nazir postundan istefa səbəbinə və siyasi böhrana səbəb olan amillərə aydınlıq gətirib, həmçinin Ermənistanın sabiq prezidentini belə bir addım atmağa kimlərin məcbur etdiyini və bunun üçün hansı texnologiyalardan istifadə edildiyini araşdırıb.

Gənclərin etirazı

Ermənistanın 10 ildir dəyişməz dövlət başçısı Serj Sarkisyanın cəmi iki həftə ərzində istefa verməsinə səbəb olan etirazın hərəkətverici qüvvəsi gənclər – məktəblilər və tələbələr olub. Böyük IT-şirkətin əməkdaşı Armen deyir ki, bu günlər küçələrdə ən çox 20-35 yaşlı insanlar olub.

Bunu hökumət də etiraf edir. “Gələcəkdə gənclər və ümumilikdə cəmiyyətlə kommunikasiyaya daha çox diqqət ayırmaq lazımdır. Bu cür imkanlardan biri vətəndaş cəmiyyəti və qeyri-kommersiya təşkilatlarının dövlət idarəçilik sisteminə cəlb etmək üçün əlavə platformaların yaradılmasıdır”, - istefa vermiş baş nazir Sarkisyanın mətbuat katibi Ovannes Nikoqosyan “RBC”-ya bildirib.

Etirazların artması ilə yaşlı nəsil də gəncləri dəstəkləyib. Çoxları bunu kənardan edib. Politoloq Aleksandr İskandaryan deyir ki, aprelin sonu Yerevan küçələrində etirazçıların tərkibi xeyli dəyişib. Bu, birbaşa Paşinyanın yeni nüfuzlu tərəfdarının yaranması ilə əlaqəli ola bilər: aprelin 28-i Ermənistanın ən böyük sahibkarlarından biri siyasətçi Qaqik Sarukyan müxalifətçinin dəstəklənməsi ilə bağlı onun “Çiçəklənən Ermənistan” partiyası ilə saziş imzalayıb. Sarukyan dərman, pivə, konyak, mebel salon şəbəkəsi və başqa sahələri özündə birləşdirən çoxprofilli “Multi qrup” konserninin yaradıcısı və rəhbəridir. Əgər əvvəl mitinq iştirakçılarının əsas hissəsini savadlı gənclər təşkil edirdisə, indi küçələrdə başqa tiplərin də sayı artıb. Bunlar müxtəlif müəssisələrin işçiləri, orta və aşağı gəlirə sahib vətəndaşlardır. İskandaryan, onların, çox güman, Sarukyanın müəssisələrindən olduğunu ehtimal edir.

“Facebook”-dan Qandiyə kimi

Paşinyan etirazı ölkə əhalisinin çoxu üçün ən anlaşılan məsələ - Serj Sarkisyan fiqurundan narazıçılıq üzərində qurub. Vətəndaşların mövqeyinə Sarkisyanın özü də təsir göstərib. Paşinyanın silahdaşı Alen Simonyan “RBC”-ya deyib ki, Ermənistan prezident respublikasından parlament respublikasına çevrildikdən sonra o, baş nazir postuna namizədliyini irəli sürməyəcəyinə söz verib (Sarkisyanın keçirdiyi konstitutsiya islahatına əsasən baş naziri parlament seçir).

“Onu heç kim danışdırmayıb. İctimai müqavilə pozulub. Ermənistan xalqına deyilib ki, mən gedirəm, parlament respublikası edəcəyik, ona səs verin. Ancaq getməyib. Belə etmək olmaz, bura Qafqazdır”,- Aleksandr İskandaryan qeyd edib.

Sarkisyanın siyasətindən narazı erməniləri birləşdirmək və onların dəstəyini qazanmaq asan olub. “Biz Sarkisyanın getməli olduğunu trend etdik. “Facebook” və “Odnoklassniki”-dən istifadə etdik, - Simonyan deyir. Küçələrdə səslənən bütün şüarlar Sarkisyanın istefasına həsr olunmuşdu. Hətta hakim “Respublika” partiyasının deputatlarına ünvanlananlar belə: “Addım at – Serjdən imtina et”.

İnformasiya təhlükəsizliyi məsələləri üzrə ekspert Samvel Martirosyan qeyd edir ki, insanların təşkil edilməsi və onların küçələrə çıxarılmasında Paşinyanın əsas silahı “Facebook” olub. Martirosyan son vaxtadək Ermənistanda bir nömrəli sosial şəbəkənin “Odnoklassniki” olduğunu xatırladıb. Ölkədə onun əsas auditoriyasını 40 yaşdan yuxarı insanlar təşkil edib.

“Paşinyan daim “Facebook”-dan canlı yayım edir və birbaşa xalqı səfərbər edir. Bu günlər onun səhifəsində ziyarətçi aktivliyi xeyli artıb. Video cəmi bir neçə dəqiqə ərzində minlərlə “share” toplayır”,- o, qeyd edir. Ekspert “Facebook”-un əsas etiraz vasitəsi olduğunu deyir. Çünki ölkə əhalisinin üçdə birindən çoxu bu sosial şəbəkədən istifadə edir. Ermənistanda isə təxminən 3 milyon nəfər yaşayır. Lakin bu dəfə etirazçı gənclər, özü də təkcə Paşinyanın tərəfdarları deyil, ümumilikdə fəaliyyət göstərən hakimiyyətdən narazı şəxslər “Twitter” və “Instagram”-da aktivləşib. Ermənistanda ilk dəfə “Telegram” kanalı aktuallaşıb. “Bu inqilaba görə Zukerberqə (Mark Zuckerberg) təşəkkür etməliyik. “Facebook” olmadan bütün bunlar da olmazdı”, - ikinci həftədir etiraz aksiyalarında iştirak edən, suvenir mağazaları şəbəkəsinin sahibi Movses Ovsepyan “RBC”-ya deyib.

İnformasiya təhlükəsizliyi üzrə ekspert paradoksu qeyd edir ki, Paşinyanın belə tez nəticə əldə etməyinə insanların oflayna çıxmaq meyli kömək olub. “Ermənistanda “onlayndan küçələrə çıxmaq” diskursu artıq iki ildir inkişaf edir. Əvvəllər etiraz aksiyalarının çoxu futbol üzrə dünya çempionatını izləməyə oxşayırdı: hamı evində oturub yayımlara baxırdı”, - o ,aydınlıq gətirir. Buna oxşar əvvəlki aksiyalarda onlayn-yayımları izləyənlərin sayı yüz minə çatırdısa, indi bu göstərici on min təşkil edirdi. Xalq etiraz liderini dinləmək üçün küçəyə çıxırdı.

Hakimiyyətin daimiliyindən yorulan ermənilərin diqqətini cəlb etmək üçün Paşinyan köhnə, amma təsirli metodlardan istifadə edib. Hər şey bir ay əvvəl başlayıb. Martın 31-i Paşinyan təkbaşına Gümrüdən bütün böyük şəhərləri keçməklə ölkədə yürüş başlatdığını elan edib. O, bu ideyanı Mahatma Qandidən götürüb. Paşinyan Gümrüdən Yerevana bütün ölkəni qarış-qarış gəzib, gündə iki-üç dəfə sosial şəbəkələrdə canlı yayıma çıxıb. “Bu, tədricən realiti-şouya çevrilib”,  - Simonyan gülərək danışır. Paşinyana gənclər və “Yolk” parlament fraksiyası üzrə silahdaşları (Ararat Mirzoyan, Sasun Mikaelyan, Lena Nazaryan), sonra isə Ermənistanın ictimai-siyasi hərəkatı (Gümrü “Asparez” jurnalistlər klubunun sədri, fəal Levon Barseqyan) qoşulub.  Politoloq Coni Melikyan qeyd edib ki, onunla birgə blogger və teleşirkətlərin də marağı artıb. Yürüşü əsasən müstəqil KİV işıqlandırıb. “Azadlıq Radiosu”, “Sputnik-Armeniya”, həmçinin “Civilnet” və “ParaTV” hadisə yerindən canlı yayım edib.

Paşinyan 14 gündən sonra Yerevana çatıb. Bu vaxt ərzində saqqalı uzanan Paşinyan artıq parlament deputatından, etirazların sıravi iştirakçısına oxşayıb. Onun realiti-şousunu isə artıq bütün ölkə izləyib. Hər kafedə etiraz liderinin “Facebook”-da etdiyi növbəti müraciətinin müzakirə edildiyi masa tapmaq olar. Hətta valyuta mübadiləsindəki kassir qadın Yerevanda növbəti etiraz yürüşünün onlayn yayımlandığı monitordan gözünü həvəssiz çəkir.

Paşinyanın aydın və qəti tələbləri insanları cəlb edib. “Paşinyanla kompromisə getmək çox çətindir. O, mövqeyini radikallaşdırıb, fol sərhədində oynayaraq qalib gəlib”, - İskandaryan aydınlıq gətirir.

Paşinyan aprelin 13-ü özünü ciddi qəbul elətdirib. Həmin gün etiraz lideri silahdaşları ilə birgə faktiki olaraq ölkənin İctiami radiosunun binasını ələ keçirib və canlı yayım tələb edib. “Onda onun zarafat etmədiyi məlum oldu”, - 34 yaşlı Artur Kolyan deyir. Radiostansiya ələ keçirildikdən sonra Kolyan taksi sürücüsü kimi fəaliyyətini dayandırıb, həmkarları və aktivistlərlə birgə Zvartnos beynəlxalq hava limanına gedən yolu bağlayıb.

Ümumidən xüsusiyə

Etirazçılar və etirazları dəstəkləyən Ermənistan sakinləri arasında Paşinyanın baş nazir olması ilə bağlı vahid fikir yoxdur. Parlaq liderə baxmayaraq, etiraz uzun müddət sırf onunla assosiasiya olunmayıb. Və Sarkisyandan sonra hökumət konfiqurasiyası haqqında bu abstrakt fikirlər mayın 1-nə təyin edilən yeni baş nazirin seçilməsi ilə bağlı dinləmələrdən qabaq meydana çıxıb.

Küçəni ələ alan və Sarkisyanı istefaya göndərən Paşinyan isə tempini aşağı salmağa hazırlaşmayıb. Mayın 1-i parlament dinləmələrindən çox əvvəl etiraz lideri özünü müvəqqəti hökumətə başçılıq edə biləcək, ədalətli parlament seçkiləri və sakit hakimiyyət dəyişikliyini təmin edəcək xalqın yeganə mümkün namizədi kimi göstərib.

Liderin mövqeyinin ardınca parlament dinləmələrinə həsr olunmuş aksiyalarda etirazçıların şüarları da dəqiqləşməyə - Yerevan küçələrində “Nikola baş nazir!” çağırışları səslənməyə başlayıb. “Xalq nümayəndəsinin qələbəsindən sonra nə gözləyirlər?” sualına isə əksəriyyətin cavabı olmayıb. Aksiya iştirakçıları ilə söhbətlər bu və ya digər şəkildə ona gəlib çıxıb ki, köhnə elita və Sarkisyanla sıx assosiasiya olunan “Respublika” partiyası getməlidir.

Tam bir sürpriz

“Respublika” partiyasının nümayəndəsi “RBC”-ya bildirib ki, etirazçıların adlandırdığı kimi sürətli “sevgi inqilabı” hökumət üçün gözlənilməz olub. Heç kim 20 ildir daimi müxalifətçi hesab edilən və vətəndaşlar arasında elə də populyar olmayan Paşinyanın yürüşünə ciddi yanaşmayıb. Yalnız aprelin 21-i liderə ciddi yanaşıblar. Həmin gün Yerevana çatan Paşinyan meydanı doldura bilib. Onda hökumət Ermənistanda nominal siyasi fiqur- prezident Armen Sarkisyanı onunla danışıqlara göndərib. Ancaq çox gec olub.

“Paşinyan aprelin 22-i özünü dialoqa hazır olmayan insan kimi göstərib. Baş nazirlə görüşə 40 dəqiqə qalmış o, görüşün canlı yayımda və jurnalistlərin iştirakı ilə keçirilməsini tələb edib. Hətta belə bir şəraitdə Sarkisyanın yardım etməsi çox şeydən xəbər verir”, - Sarkisyana yaxın mənbə deyir. Nəticədə bu hal dəfələrlə təkrarlanıb.

Vəziyyətlə tanış mənbə “RBC”-ya etiraf edib ki, Sarkisyanın hakimiyyətinin saxlanması məsələsində variantlardan biri gücdən istifadə etmək olub, amma Sarkisyan buna cürət etməyib. O, böhranın güc yolu ilə həll variantını nəzərdən keçirməyib, ona görə elə bir məqam yetişib ki, istefa qərarı vermək lazım gəldiyini başa düşüb.

Bütün ölkədə yolların bağlanmağa, küçələrə daha çox insanın çıxmağa başladığı vaxtda Sarkisyan təslim olub. Özü də bu dəfə təkcə gənclər deyil, digər sosial təbəqələr də aksiyalara axışıb. Sarkisyan hakimiyyətinin əvvəlində - 2008-ci il martın 1-i Ermənistanda baş verən böyük etirazların nə ilə başa çatdığını unutmamışdı. Onda paytaxtın mərkəzində 8 nəfər etirazçı və iki nəfər Daxili qoşun əməkdaşı həlak olmuşdu.

Bürokratiyaya meydan oxuma

1 may uğursuzluğundan sonra Paşinyanın planları dəyişməyib. O, əvvəlki kimi müvəqqəti baş nazir postunu qazanmaq və növbədənkənar parlament seçkiləri keçirmək istədiyini deyir. Məqsədinə çatmaq üçün o, ölkə vətəndaşlarını dinc aksiyalara (yol hərəkətini dayandırmaq, işə və təhsil ocaqlarına getməmək) çağırmaq niyyətindədir.

Aleksandr İskandaryan deyir ki, hökumət növbəti seçkilərin keçirilmə tarixini təxirə saldıqca, bu, Paşinyana pis təsir edəcək. O, küçələrə təzyiq resursunu itirəcək. Ekspert hesab edir ki, Paşinyan yaxın zamanda hakimiyyətə gələ bilsə, onun reytinqi aşağı düşəcək. Politoloq qeyd edir ki, Paşinyanın zəif cəhəti baş nazir seçiləcəyi təqdirdə, bel bağlaya biləcəyi institusional qüvvəsinin və komandasının olmamasıdır. Paşinyan komandasında kadr çatışmazlığı, ehtiyat skameykanın qısa olması, partiya strukturunun olmaması – bütün bu problemlər respublikaçılar tərəfindən müxalifətə qarşı istifadə edilə, hakimiyyətin ötürülmə prosedurunu uzada bilər. 

 

Mənbə: RBC

FİKRİNİ BİLDİR