SSRİ-NİN MEYİTİ AVROPANI NECƏ ZƏHƏRLƏDİ?

Niyə AŞPA deputatları rüşvətsiz keçinə bilmir və Ukraynanın korrupsiya ilə mübarizəsi nə ilə nəticələnəcək? Sergey İlçenko “Delovaya stolitsa” nəşrində bu suallara cavab tapmağa çalışır.

Korrupsiya əleyhdarları, sevinin! Avropanın tövsiyyələrinə qulaq asan Ukrayna korrupsiya ilə amansız mübarizə elan edib. Xırdaçılığa varmayan Ukrayna bu mübarizəsini birbaşa Korrupsiyalaşmış – bağışlayın, səhv etdim –AŞPA-da başlayıb, onu korrupsiya rəzalətindən təmizləməyə çalışıb.

Amma hər şey göründüyündən daha çətin olub. Mübarizənin nəticəsi aydın deyil, qüvvələr qeyri-bərabərdir. Hələlik üstünlük açıq-aşkar avropalı korrupsionerlərin tərəfindədir. Üstəlik, korrupsiya əlaqələri və lobbiçilik fəaliyyətini çıxdıqdan sonra yerdə qalanlar AŞPA-nın normal fəaliyyət göstərməsinə bəs etməyə bilər. Korrupsiya şişinin kəsilib götürülməsi bu möhtərəm, yarım əsrlik tarixə malik, ümumavropa parlamentarizminin rəmzi hesab edilən təşkilatı öldürə bilər. Assambleyanın gözəl bəyanatlarla imitiyasiya edilən işləri deyil, real işləri, çox güman iflic olacaq. Bundan başqa, lobbiçilər hələlik getməyə tələsmir, AŞPA nizamnaməsində isə onlara qarşı ümumiyyətlə sanksiya nəzərdə tutulmayıb.

Roma Papasından da müqəddəs

Bir il əvvəl də AŞPA eyni problemlə üzləşmişdi. Təşkilatın o vaxtkı baş katibi (Baş katibi! Necə də nostalji hisslərlə dolu və gözəl səslənir!) Pedro Aqramunt (Pedro Agramunt)  Ukraynanın təqdimatı ilə Rusiya ilə korrupsiya əməlində ifşa edilmişdi və avrokorrupsionerlərin güclü müqavimətinə baxmayaraq, onu istefaya göndərmək mümkün olmamışdı. Məlum olmuşdu ki, AŞPA-da belə bir prosedur yoxdur. Arqamuntun vaxtından əvvəl postunu tərk etməsi yalnız könüllü addım kimi mümkün idi, AŞPA-nın nizamnaməsini dəyişməyə isə korrupsiya lobbisinin müqaviməti icazə vermirdi. Nəticədə Arqamunt kapitaulyasiyası üçün ən fəxri şərtlər qazandı, daha altı ay istefasını uzatdı və indiyədək AŞPA-da deputat qismində fəaliyyətini davam etdirir.

Onun Rusiya ilə aktiv əməkdaşlığı və ölkənin maraqları üçün lobbiçilik fəaliyyəti bugünədək davam edir. Belə ki, Rusiya Dövlət Duması tərəfindən müşahidəçi qismində şəxsən seçkilərə dəvət olunan Aqramunt prosesi tərifləyib, hər şeyin çox yaxşı keçdiyini bildirib: guya, mütləq çoxluq sakit və çox xoş mühitdə böyük həvəslə Putinə səs verib. Ötən il, nəhayət, Arqamunt getdikdən sonra onun yerinə Turbern Yaqland (Thorbjørn Jagland) irəli sürülüb. Yaqland da Aqramunt kimi AŞPA-da Rusiyanın səs hüququnu qaytarmaq istəyən növbəti rus lobbiçisi olub.

Və budur, ikinci dalğa keçib. Aprelin 23-ü AŞPA tribunasından beş illik mübarizədən sonra hələ Aqramuntun dövründən 2017-ci ilin yanvar ayından başladılan anti-korrupsiya araşdırmasının nəticələri barədə məruzədən çıxarışlar oxunulub. 198 səhifəlik çap edilmiş versiya sessiyanın başlamasına bir gün əvvəl aprelin 22-i deputatların ixtiyarına verilib. Xarici İstintaq Qrupunun apardığı tədqiqat xüsusi araşdırma olub. Araşdırma Azərbaycanla əlaqədar məsələlər nəzərdən keçirildikdə AŞPA deputatlarının davranışında özünü göstərən qəribəliyə aid olub.

Uzun illər boyu hər dəfə AŞPA-da Azərbaycanın maraqlarına toxunan məsələlər müzakirə ediləndə səsverməyə həmişə adi vaxtla müqayisədə daha çox deputat gəlib. Çox nadir halda təşkilata baş çəkənlər də onların arasında olub. Və bu nadir qonaqlar həmişə Azərbaycanın xeyrinə səs verib.

Bu cür qənnaslıq gözə çox girib və “ESI” analitika mərkəzinin fəalları 2012-ci ildə “Kürü diplomatiyası” adlı məruzə dərc edib. Əliyev rejiminin AŞPA-nı korrupsiyalaşdırma əlamətləri məruzədə öz əksini tapıb. 3 il AŞPA rəhbərliyi əlini yelləyib, bunun böhtan olduğunu deyib. Ta ki 2015-ci il AŞPA deputatı Luka Volonte (Luca Volonte) İtaliyada bir neçə milyon avro rüşvət alarkən saxlanılanadək. Olduqca məhdud araşdırma başlatmaq üçün daha iki il lazım gəlib – AŞPA və ümumiyyətlə AB-də korrupsiya ilə necə intensiv mübarizə aparıldığını hiss edirsinizmi?

Məruzənin Ukrayna nümayəndə heyətinin üzvü Yelena Sotnik tərəfindən oxunulması bu şəraitdə simvolik xarakter daşıyıb. Bütün şübhələr doğrulub. Bakının sifariş etdiyi şəkildə səs verənlər həqiqətən kiloqramlarla qara kürü almış, beş ulduzlu hotel otaqlarında yerləşdirilmiş, bahalı fahişə xidmətindən istifadə etmiş, biznes sinifdə uçuşlar həyata keçirmiş, ulduzların konsertinə bilet, zərgərlik məmulatı və zərflərdə pul almışdılar.

Məlumdur ki, bütün bunlara xərclənən nağd pul, həmçinin kürü Azərbaycandan gəlib, sonra mehmanxana otaqlarında və milli nümayəndəlik ofislərində deputatlara çatdırılıb. O da məlumdur ki, bu cür təcrübə kütləvi xarakter daşıyıb. Kobud şəkildə desək, parlament nümayəndələrini topdan şəkildə, içalatları və həzm edilmiş kürünün nəcisi yığılmış bağırsaqları ilə birgə alırmışlar.

Bəs nəticə? Məruzəyə həsr olunmuş AŞPA iclasında yalnız beş nəfərin adı çəkilib. Onların arasında iki ispan – artıq bizə tanış olan Aqramunt və Jordi Şukla (Jordi Shukla), rumın Florian Preda (Florian Preda), azərbaycanlı Səməd Seyidov – məlum məsələdir ki, rüşvət almayıb, verib, - avstriyalı Ştefan Şennax (Stefan Schennach) olub. Deyilənlərə görə, sonuncunun qarmaqdan kölgəyə çəkilmək üçün yaxşı şansı var – yəni, kürünü yeyib, ancaq ağzı dolu halda Bakını tənqid edib.

Yuxarıda qeyd etdiyimiz kimi deputatlara qarşı heç bir sanksiya nəzərdə tutulmayıb. Onları nə AŞPA-dan çıxarmaq olar, nə də cəzalandırmaq. Onlar könüllü istefa xahişlərini “lazımi yerə göndərə”, iclaslara gedib səs vermədə iştiraklarını davam etdirə bilərlər. Çünki AŞPA yaradıcılarının fikrincə, təşkilatın üzvləri qüsursuzdur. Onların statusu əvvəldən maksimum Roma Papasının statusuna yaxınlaşdırılıb. Korrupsiyanın çiçəklənməsi üçün bundan yaxşı şərait ola da bilməz.

Korrupsionerlər təslim olmur

Bununla belə, hesabatda ən azı 17 deputatın korrupsiya əməllərinə dair sübut əksini tapıb. Lakin onların çoxuna bu və ya digər şəkildə ittihamlardan yayınmaq imkanı verilib. Üstəlik, məruzənin özü sırf təsadüf nəticəsində mətbuatın iştirakı ilə AŞPA müzakirəsinə çıxarılıb. Qərar AŞPA Bürosunda cüzi səs çoxluğu ilə qəbul edilib: 13 nəfər “lehinə”, 10 nəfər “əleyhinə” səs verib. Görünür, Büroda kiməsə kürü çatmayıb.

Bir sözlə, dağ siçan doğub. Deputatların xoşagəlməz sirrlərini işıqlandıran bu həyasız siçan da AŞPA-da çaxnaşmaya və qəzəbli qışqırıqlara səbəb olub. Aprelin 26-ı məruzə ilə bağlı debatlarda əl-ələ verən avropalı korrupsionerlər əsl mübarizə nümayiş etdirib və demək olar, bu mübarizədən qalib çıxıblar.

Yelena Sotnik araşdırmanın dar çərçivədə aparıldığını və Aqramuntun Suriya səfərinə toxunmadığını qeyd edib. Ukraynanın digər nümayəndəsi Aleksey Qonçarenko isə Yaqlandın Azərbaycanın keçmiş səfiri ilə korrupsiya görüşlərini, Aqramuntun Rusiya səfərini və seçkilərlə bağlı müsbət rəyini, bununla belə, işğal olunmuş Krım və orada keçirilən qanunsuz seçkiləri qeyd etməməsini qınayıb. Bütün bunlara cavab olaraq, Yaqland Ukrayna nümayəndə heyətini qərəzli olmaqda günahlandırıb.

Bu zaman Aqramunt kimi debatlarda başqa deputatların çıxışı zamanı söz alan Yaqland ittihamlarını səsləndirdikdən sonra dərhal zaldan qaçıb. Ancaq məsələ yenidən qaldırılıb: Ukraynanın daha bir nümayəndəsi Borislav Bereza çıxışında xatırladıb ki, Yaqlandın özü də Putinə seçkilərdə qələbə qazandığı üçün məktub göndərib, amma ilhaq olunmuş Krım ərazisində keçirilən qanunsuz seçki barədə heç nə yazmayıb.

İş üstündə yaxalanmış korrupsionerlər təhqir edilmiş məsum görünüşlə çıxış edib. “Paylayan” Seyidov bildirib ki, özünü günahkar hiss etmir və ümumiyyətlə, soyuq münasibət göstərən Avropa Şurasında işləmək istəmir.

Bir sözlə, qələbə haqqında danışmağa əsas yoxdur. Ən yaxşı halda, korrupsionerləri bir balaca qorxudublar. Onların başqa ölkələrlə, xüsusilə Rusiya ilə əlaqələri araşdırılmadan qalıb. Onların AŞPA-dan uzaqlaşdırılma mexanizmi ümumiyyətlə mövcud deyil. Heç cəza tədbirlərindən danışmırıq. Daha da vacibi AB-də heç kim heç nəyi dəyişmək istəmir.

Ali Radanın birinci vitse-spikeri, AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü İrina Geraşenko debatların yekununu “Facebook” səhifəsində belə şərh edib: “Biz – Ukrayna nümayəndə heyəti – çirkli rus lobbizmini və indiyə kimi tez-tez Assambleyada istifadə olunan korrupsiya əməllərini ifşa etmək üçün bundan sonra da əlimizdən gələn hər şeyi edəcəyik”.

Geraşenko hesab edir ki, avropalı həmkarları “mövzunu yatırtmağa çalışırlar – qayda pozuntularını qınayıb, cəzasız ötüşmək istəyirlər”. O, qeyd edib ki, AŞPA uzun müddət Aqramuntun əməllərinə göz yumub, indi isə rus nümayəndələrinin seksual və anti-semit qalmaqallarda, Əsədlə dostluqda və Ukraynaya qarşı müharibədə iştirakına fikir vermir. Rusiyanın AŞPA-da səs hüququndan məhrum edilməsinə baxmayaraq, qalmaqalları ilə məşhurlaşan Leonid Slutski “dialoq” bəhanəsi ilə komitənin iclaslarına dəvət olunur.

“Korrupsiya, təzyiq, şantaj, qeyri-sağlam lobbizm hibrid müharibənin elementləridir və bəzi ölkələr Assambleyadakı siyasətlərində bu elementlərdən istifadə edir, - Geraşenko yazıb. – İctimaiyyətin gözü qarşısında Azərbaycanı daşqalaq edənlər Rusiyanın çirkli alt paltarını nümayiş etdirməyə hazır deyil. Əks təqdirdə, məlum olacaq ki, mötəbər Avropa sakinlərinin bir çoxu qalstuklarının və paltarlarının altından çirkli rus tumanı və yanyaxa köynək geyinir”.

Nəticədə AŞPA qətnamə qəbul edib və problemlərin olduğunu etiraf edib. Məruzədə əsasən Azərbaycan nəzərdən keçirilsə də, qeyd olunub ki, “oxşar təcrübələr digər üzv ölkələrin hökumətləri və parlamentdəki nümayəndə heyətləri tərəfindən də istifadə edilib” və bununla mübazirə aparılmalıdır. “Lehinə” 124, “əleyhinə” 10 deputat səs verib. 8 nəfər isə neyrtallığını qoruyub. Buna baxmayaraq, deyildiyi kimi, bu qətnamə heç kimi heç nəyə məcbur etmir.

Bununla belə, deputatlar korrupsiya ilə mübarizə qətnaməsini qəbul etdikdən sonra Rusiyada AŞPA-da səs hüququnun geri qaytarılması ilə bağlı danışıqların uğurlu olacağına şübhələr səslənib. Dövlət Dumasının Rusiyanın AŞPA-dakı fəaliyyətinin bərpa edilməsi üzrə danışıqlarda iştirak edən nümayəndəsi Leonid Slutski Moskvaya qayıtdıqdan dərhal sonra bu barədə məlumat verib. Təsadüfdürmü?

Avropanın dağılması

Çətin ki, AB memarları onu korrupsiyaya bu qədər həssas yaratmaq istəyiblər. Onlar sadəcə başqa reallıqda yaşayıblar və protestant ölkələri ab-havasında korrupsiyanın AŞPA-da geniş miqyas alacağını düşünməyiblər. Və hesab ediblər ki, az ehtimal olunan təhlükədən sığortalanmaqdansa, deputatların müstəqilliyini qorumaq daha vacibdir.

Bəli, köhnə Avropada bu cür korrupsiya həqiqətən mümkün deyildi. İkincisi, AŞPA tərkibinin yarıdan çoxu protestant ölkəsi idi, protestant ölkəsində isə belə bir şey qəbuledilməz haldır. İkincisi, rüşvət məbləğinin günaha gedən yolda bütün daxili baryerləri aşmalı olduğunu nəzərə alsaq, AB-nin AŞPA-nın ayrı-ayrı deputatlarının rüşvət vasitəsilə həll edə biləcəyi problemləri də yox idi.

Sonra sosial düşərgə və SSRİ dağıldı, Avropa yeni Babilistan oldu. Bu zaman, birincisi, AB-nin bütün orqanlarına “inkişaf etmiş sosializm” məktəbini keçmiş çoxlu insan daxil olub. Bu məktəbdə isə korrupsiya sistemin əsas elementlərindən biri olub, çünki “tapışsız” heç nə edilmirdi. İkincisi, katolik mədəniyyəti kimi pravoslav mədəniyyəti də rüşvətə səbirlidir. Üçüncüsü, Rusiyanın müxtəlif mütəşəkkil cinayət qrupları Avropaya axışıb. Bu qrupların isə rus hökuməti ilə əlaqəsi var idi. Əslində hökumətin özü də cinayətkar qruplaşma idi. Dördüncüsü, AB-nin qalan yeni üzvləri mənəvi pozğunluq mərhələsində idi. Düzdür, bu, Rusiyadakı kimi dərin olmasa da, rüşvətin adi hala çevrilməsi üçün kifayət idi. Bütün bunlar avropalıların daxili baryerlərini çox aşağı saldı.

Bununla yanaşı, demokratiyanı yalnız göstərən, əslində isə diktator rejimi olan “yeni Avropada” – axı Putini, Əliyevi, Nazarbayevi və ya Lukaşenkonu ciddi-ciddi “prezident” adlandırmaq olmaz, aydındır ki, burada “prezident” kəlməsi maska və obrazlı ifadədir – qaranın ağla təqdimatı üzrə xüsusi xidmətə tələbat meydana çıxdı. Diktator qanuni seçilmiş prezident, təcavüz və ilhaq xalqların öz müqəddaratını təyin etmə prinsipi, avtomatların lülələri altında çirkli tamaşalara referendum, seçki məntəqələrində kəsilmiş topa-topa sənədlərin qutulara atılması seçki, işgəncə və məhkəmə işlərinin saxtalaşdırılması hüquq mühafizə orqanlarının qanuni təcrübəsi, təxribat məqsədilə yayılan yalan və böhtan isə jurnalistika adlanmağa başladı.

İndi müşahidə edilən korrupsiyanın artımı şərqdə böyük sənayeyəqədər parçanın həzmi nəticəsində Avropanın dağılmasının simptomudur. Artıq sırf Avropanın mütəşəkkil cinayət qruplaşmalarının güclənməsi, sovet xüsusi xidmət orqanlarında yetişmiş mafiya siması alan resurslu və enerjili tərəfdaşlar – həmin düzənin təzahürüdür. Şərqdən köçürülən yeni qan sayəsində yenilənmiş Avropa elitasının korrupsiya əməllərini araşdırmağa çalışan jurnalistlərin qətl hallarının çoxalması – böyük korrupsiya əsrinin hələ başlanğıcıdır. Bu gün Avropa buna hazır deyil. Hazırda nə AB orqanlarında, nə milli dövlətlərdə, nə də Avropa cəmiyyətində problemin ciddiliyini başa düşən, korrupsiya əməllərinə görə cəza tədbirlərini sərtləşdirməyə və onların üzərində nəzarəti gücləndirməyə hazır olan heç kim yoxdur.

Avropanın sənaye yüksəlişinə səbəb olan protestant dürüstlüyü göz qabağında məhv olub gedir. Vasitələrdən başı çıxmayan kütlə qalib gəlir. Ailə nüfuzu, mənşəyi olmayan bu kütlə asanlıqla pis yola düşə bilər. Yanaşmasa belədir: istefaya çıxmadan əvvəl çırpışdır və rahatca ömrünü başa vur, arxanca deyilənlərəsə tüpürüb boş ver. Əlbəttə, Avropa üçün də bu, yenilik deyil. Lakin əvvəl bu kütlə sosial təbəqənin aşağı pilləsində idisə, indi ən yuxarılara özünə yol açır.

SSRİ-nin meyiti və sosial düşərgələr çürüntü məhsulları ilə Qərbi zəhərləyə bilib. Protestant immuniteti zəifləyib və nə qədəm basan korrupsiya gecəsinə, nə şirnikləndirici hədiyyələrə, nə də əlində nağd pul olan elçilərə müqavimət göstərmək iqtidarında deyil. AB-nin yuxarı təbəqələri yeni fatehlərə boyun əyməyə hazırdır. Şərqdə Avropa Divarını saxlayan Ukrayna üçün yeni cəbhə açılır. Hələlik bu cəbhədə uğurlar göz oxşamır. Aqramuntun Yaqlandla əvəzlənməsi heç nəyi dəyişməyib.

 

Mənbə: DS.NEWS

FİKRİNİ BİLDİR