KOLİNDA QRABAR-KİTAROVİÇİN HEKAYƏSİ

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçin (Kolinda Grabar-Kitarović) bioqrafiyası: kənddə keçən uşaqlıq, bir illik mübadilə proqramı ilə ABŞ-da həyat, partiya üzvlüyü, nazir vəzifələri, seçkilərdə qələbə.

Şərqi Avropada sayca dördüncü, Xorvatiyada birinci qadın prezident Kolinda Qrabar-Kitaroviç 1968-ci il aprelin 29-u Yuqoslaviyanın Rieke şəhərində anadan olub. O, 2015-ci il yanvarın 11-i prezident seçkilərinin ikinci mərhələsində əsas rəqibi sosial-demokrat İvo Yosipoviçə (Ivo Josipović) qalib gəlib. Qrabar-Kitaroviç 2011-ci ildən 2014-cü ilədək NATO-nun baş katibin ictimai diplomatiya üzrə köməkçisi, 2008-ci ildən 2011-ci ilədək Xorvatiyanın ABŞ-dakı səfiri, 2005-ci ildən 2008-ci ilədək isə xarici işlər naziri və AB inteqrasiyası üzrə nazir vəzifəsində çalışıb.

Onun anadan olmasından dörd ay əvvəl Zdenki Vuçkoviçin (Zdenka Vučković) ifasında Lyusil Starrın (Lucille Starr) “Kolinda” hiti radiostansiyalara səslənməsəydi, qızın adı Kseniya ola bilərdi. Sonralar Kolindanın atası dəfələrlə etiraf edib ki, həmişə oğul arzusunda olub və hətta ona ad da seçib – Arsen.

 

 

Kolinda xorvat fermerləri Branko və Dubravka Qrabarın ailəsində dünyaya gəlib. Bir çox politoloqun qeyd etdiyi kimi, siyasi intriqalardan uzaq ailədə doğulmaq nəticədə seçki kampaniyasına çox təsir edib: “Qəssabın tərbiyəli kənd qızı – Kolinda. O, sadə xalqın dəyərlər sistemini və qaydalarını professor Yosipoviçdən daha yaxşı başa düşür”. Bununla belə, Kolindanın siyasət dünyası ilə əlaqəli qohumları olub: onun ulu babası Viktor Qrabar Xorvatiya Kəndli partiyasının regional nümayəndəliklərindən birinin təsisçisi olub.

O, artıq uşaqlıq illərindən iradə gücü və məqsədlərinə çatmaq istiqamətində əzmkarlıq nümayiş etdirməyə başlayıb. Bu xüsusiyyətlər indiyədək Qrabar-Kitaroviçin əsas özəlliklərindən biridir. Ailəsinin istəyinə rəğmən o, Rieke gimnaziyasına daxil olub. O, təhsil aldğı müddətdə ABŞ-ın Nyu Meksiko ştatının Los-Almos şəhərinə bir illik mübadilə proqramı olduğunu öyrənib. Kolindanın orada yaşadığı ailə ilə indiyədək yaxın əlaqələri var. Aldığı təqaüd məişət xərclərini ödəmədiyi üçün Kolinda qısa müddətlik camaşırxanada işləyib, həftədə təxminən 200 dollar əmək haqqı alıb. Onun paltar və bəzək əşyalarına xərcləri minimal səviyyədə olub. İndiyədək Qrabar-Kitaroviçə qarderob seçimində ciddiyyət xasdır: o, seçki kampaniyası zamanı stilist xidmətindən imtina edən yeganə namizəd olub.

Xorvatiyaya qayıtdıqdan sonra Qrabar-Kitaroviç filologiya fakültəsinin ispan dili və ədəbiyyatı şöbəsinə daxil olub. İlk vaxtlar tələbə yataqxanasında qalan Kolinda etdiyi tərcümələr və xarici dillər məktəbində fəaliyyəti sayəsində topladığı vəsaitlə kirayə evə çıxıb. O, 1990-cı ildə Xovatiya Demokratik Birliyin (XDB) gənclər komitəsinə daxil olub. Jelko Lopariçin (Željko Loparić) “İttiham edilən Haydegger” adlı araşdırmasını tərcümə etdikdən sonra populyarlıq qazanıb, bu işi sayəsində elm və texnologiya naziri Ante Çoviçin (Ante Čović) diqqətini cəlb edib.

1993-cü ildə xarici işlər nazirliyində çalışmağa başlayan Kolinda rəsmi surətdə XDB-ə üzv olub. Karyerasının əvvəlində nazirin köməkçinin müşaviri vəzifəsini tutsa da, sonra Şimali Amerika dövlətləri ilə qarşılıqlı fəaliyyət departamentinin rəhbəri olub.

1997-ci ildə Kanadada Xorvatiya səfirliyinin diplomatik müşaviri təyin edilən Qrabar-Kitaroviç sonradan nazir-müşavir postunu tutub. O, 2000-ci ildə Zaqrebdə politologiya üzrə magistr dərəcəsi alıb.

Kolinda Qrabar-Kitaroviç 2003-cü ildə Avropa inteqrasiyası üzrə nazir təyin edilib. “Arxa bağçada darvazamı rəngləyirdim, birdən xarici işlər naziri Miomir Jujul (Miomir Žužul) mənə zəng etdi və nə ilə məşğul olduğumu soruşdu”, - Qrabar-Kitaroviç xatırlayır, - “Cavabında “burda da rənglənəsi şeylər var” deyib, mənə vəzifə təklif etdi”. O, 2005-ci ildə ölkənin AB-ə qoşulması üzrə danışıqlarda Xorvatiya nümayəndə heyətinin tərkibinə daxil edilib. 2008-ci ilin mart ayında Xorvatiyanın ABŞ-da səfiri təyin edilən Kolinda 2011-ci ildə NATO-nun baş katibinin ictimai diplomatiya üzrə köməkçisi olub.

Kolinda 2015-ci ilin yanvar ayında prezident seçkilərində qələbə qazanıb. O, prezident postunda ilk diplomatik səfərini Bosniya və Hersoqovinaya edib. Burada prezidiumun üzvləri Mladen İvaniç (Mladen Ivanić), Draqan Çoviç (Dragan Čović) və Bakir İzetbekoviçlə (Bakir Izetbegović) görüşüb.

2015-ci ilin sentyabrı Qrabar-Kitaroviçin təşəbbüsü ilə Nyu Yorkda Baltik, Adriatik və Qara dənizə çıxışı olan ölkə nümayəndələrinin komitəsi təşkil edilib. Bu da dövlətlərarası “Üç dəniz təşəbbüsü”nün  (Three Seas Iniciative) yaradılmasının başlanğıcı olub. Təşkilatın ilk iclası 2016-cı il 25-26 avqustda Dubrovnikdə keçirilib. O, ötən il 6-7 iyul Varşavada Təşəbbüs rəhbərlərindən biri kimi Polşa ilə əməkdaşlıq və tərəfdaşlıq haqqında bir sıra saziş imzalayıb və ABŞ prezidenti Donald Tramp (Donald Trump) ilə görüşüb.

Bundan başqa, jurnalistlərin dəfələrlə qeyd etdiyi kimi, Kolinda Qrabar-Kitaroviç kifayət qədər cazibədar xarici görünüşə malikdir. 2015-ci ildə “The hottest heads of state” saytı Xorvatiya prezidentini ən gözəl dünya başçıları reytinqində 9-u yerə layiq görüb.

 

FİKRİNİ BİLDİR